Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, orijinal və əsl ruhaniyyət hər zaman xalqın dayağı olmuşdur. Sadəlik və dini öhdəliklərə sadiqlik, həqiqi ruhaniləri dünyapərəst şəxslərdən fərqləndirən əsas meyar hesab olunur.
Sual:
Tarixin əvvəlki dövrlərində şiə alimləri sadə bir həyat tərzi sürürdülər. Lakin bu gün bəzi ruhanilərin dəbdəbəli həyata meyl etdiyini müşahidə edirik. Bu hal necə qiymətləndirilməlidir?
Cavab:
Məsuliyyətli və sadiq alimlər keçmişdən bu günə qədər hər zaman sadə bir həyat yaşamış və İslam dininin təlimlərini yaymaq, hökmlərini təbliğ etmək istiqamətində öz vəzifələrini yerinə yetirmişlər.
Tarix boyu ruhaniyyət institutu xalqın içindən çıxmış ən təsirli ictimai təbəqə kimi, zalımlara və yoxsulların hüquqlarını pozan sərvət sahiblərinə qarşı mövqe nümayiş etdirmişdir. Əsl şiə ruhaniyyətinin fəxri odur ki, hakimiyyət sistemlərindən asılı olmayaraq, onların qarşısında yoxsul kütlələrin hüquqları naminə dayanmağı bacarmışdır.
Ruhani təbəqəsində də digər bütün sosial qruplarda olduğu kimi həm müsbət, həm də mənfi nümunələr mövcuddur. Qiymətləndirmə meyarı isə, nadir hallarda rast gəlinən fürsətçi şəxslər deyil, ruhaniyyətin əsas xəttini təşkil edən əksəriyyət olmalıdır. Mərhum İmam Xomeyninin də qeyd etdiyi kimi: “Biz heç vaxt deməmişik ki, ruhani təbəqəsi tamamilə yaxşı və qüsursuzdur.”
Özünü ruhani kimi təqdim edən, lakin məsuliyyətli və dindar alimlərin yolundan uzaq düşərək dəbdəbəyə və dünyapərəstliyə aludə olan azsaylı şəxslərin davranışları, ruhaniyyətin bütövlükdə nüfuzuna xələl gətirə bilməz. Sayca çox az olan bu şəxslərə əsaslanaraq, ruhanilərin sadəlikdən uzaqlaşıb dəbdəbəyə yönəldiyini söyləmək ədalətli olmaz.
Əgər bir neçə nəfər ruhani öz mövqeyinə və dini kimliyinə uyğun davranmırsa, bu, nə bütün ruhaniyyətə, nə də dinə qarşı ümumi tənqidə səbəb ola bilməz.
Həmçinin, necə ki, bir həkim öz peşə vəzifəsini yerinə yetirmədikdə, tibb elmini və bütün həkimləri tənqid etmirlər, bəzi ruhanilərin düzgün olmayan hərəkətlərini də bütün ruhaniyyətə və ya dinə aid etmək olmaz. Din belə bir davranışı təşviq etməyib və bütün ruhanilər də belə olmamış və olmayıb.
Əlbətdə ruhaniyyətin davranışları və fəaliyyəti cəmiyyətdəki mövqeyi və ictimai diqqət mərkəzində olmaları səbəbindən daha çox həssasdır. Bu, ağ parçada yaranan qara ləkə kimidir; ən kiçik səhv belə nəzərə çarpır və dərhal diqqət cəlb edir. Bu vəziyyət həm ruhanilərin fəaliyyətlərində nəzərə alınmalı, həm də müsəlmanların onları qiymətləndirərkən diqqət etmələri lazım olan bir məqamdır.
Həqiqət budur ki, əsl ruhaniyyət, elmi zöhd və ilahi təqvaya sadiq qalaraq özünü həmişə maddi və dünyəvi istəklərdən uzaq tutmuşdur və əksər ruhanilərin həyat səviyyəsi cəmiyyətin aşağı təbəqələri ilə eynidir.
Bir çox tələbə və ruhani nümunələri var ki, onlar yaxşı imkanlara və mövqelərə sahib olsalar da, sadə həyat tərzini və təvazökar ruhani yolunu tərk etməmişlər. Böyük təqlid mərcələri ümumiyyətlə sadə və təmiz həyat sürürlər.
Mərhum Ayətullah Mömin, Ayətullah Misbah Yəzdi, Ayətullah Əmini və digər böyük alimlər, yüksək siyasi məsuliyyətlərə sahib olsalar da, sadə həyatlarını qoruyublar və bu gün də həmin ənənəni davam etdirirlər.
Dövlət vəzifələrində olan və dövlət əməkdaşları ilə bərabər maaş və imtiyazlar alan bir neçə ruhani istisna olmaqla, əksər ruhani şəxslər təhsil, tədris, təbliğ və elmi tədqiqatlarla məşğuldurlar və həyatlarını sadə şəraitdə davam etdirirlər. Bu şəxslər bəzən haqsız və ədalətsiz şəkildə "ad və çörək qazanmaq" məqsədilə bu sahəyə daxil olmaqda ittiham edilirlər. Lakin həqiqət budur ki, hövzədə ən yüksək elmi dərəcəyə sahib olanların belə aldığı təqaüd, ölkənin minimum əmək haqqından çox aşağıdır. Bir çox tələbə və ruhani isə gündəlik həyatlarını böyük çətinliklərlə keçirirlər.
Qeyd:
[1] Ruhaniyyət və Hövzələr İmam Xomeyninin Baxışında, Tebayan 10, Tehran: İmam Xomeyninin Əsərlərinin Tənzim və Nəşr İnstitutu, 1376, səh. 419.
Rəyiniz